"...Bu borc haradan, necə yarana bilər? Bunun bir adı var: "Azəriqaz" özünü həyasız dilənçi şəklinə salıb. Dilənçilik iki cürdür - mədəni dilənçilik və həyasız dilənçilik. Həyasız dilənçini qapıdan qovursan, bacadan girir. "Azəriqaz" çox həyasız dilənçi kimi öz fəaliyyətini davam etdirir"
Bizimyol.info xəbər portalına müraciət edən vətəndaş özünün "Azəriqaz" tərəfindən naməlum borc öhdəliyi ilə yükləndiyini bildirir. Biləcəri qəsəbəsində yaşayan sakin bildirir ki, o, qaz sayğacına 10 manatlıq ödəniş etsə də, beş manat kəsir yüklənib. Problemlə əlaqədar "Azəriqaz"ın qaynar xəttinə zəng edib. Yüklədiyi miqdardan nə üçün tutulduğunu soruşanda, ona bildirilib ki, borcu var.
Məlumat üçün qeyd edək ki, "Azəriqaz"ın il sonuna yaxın bu "ənənəvi" fəaliyyəti bir çox vətəndaşın narazılığına səbəb olur. Hər il sonu yaxınlaşanda vətəndaşlar qəfil "Azəriqaz"a borclu qalırlar və borclarının necə yarandığı onlara bildirilmir. Ödənişin kart vasitəsilə və müasir sayğaca ödəndiyini nəzərə alsaq, bu borcların hansı şəkildə yarandığı və nə üçün məhz il sonuna düşdüyü haqda suallar qaranlıq qalır.
Məlumat üçün bildirək ki, problemlə əlaqədar vətəndaşın yerli qaz istismarı idarəsinə yaxınlaşması və orada məsələyə aydınlıq gətiriləcəyi bildirilib.