“RUS GENERALLARIN "KƏLLƏLƏRİ" BUNA GÖRƏ GEDİR” - Putinin kadr dəyişiklikləri nəyi dəyişəcək?

“RUS GENERALLARIN "KƏLLƏLƏRİ" BUNA GÖRƏ GEDİR” - Putinin kadr dəyişiklikləri nəyi dəyişəcək?

Məlum olduğu kimi, son dövrdə Rusiyanın Ukraynadakı işğal qüvvələrinin, həmçinin də mərkəzi hərbi idarəetmədəki strukturların rəhbərliyində tez-tez kadr dəyişiklikləri baş verir. Açıq görünür ki, Rusiya siyasi rəhbərliyi “xüsusi hərbi əməliyyat”ın gedişindən qətiyyən razı deyil…

Böyük Britaniya kəşfiyyatı Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Mixail Mizintsevin vəzifəsindən azad edilməsini şərh edib. Britaniyalılar hesab edirlər ki, Rusiya rəhbərliyi Ukraynadakı hərbi qruplaşmasının logistika və təminat məsələlərini heç cür həll edə bilmir.

Qeyd olunur ki, Mizintsev məhz təminat məsələlərinə görə cavabdeh idi. “Mariupol qəssabı” adı ilə tanınan Mizintsev 8 ay ərzində onun üzərinə logistika və təminat ilə bağlı qoyulan vəzifələrin öhdəsindən gələ bilməyib.

Britaniya kəşfiyyatı bildirir ki, məhz logistika məsələsi Rusiya ordsunun əsas problemi olaraq qalır. Həmçinin, hərbi sursat çatışmazlığı da olduqca böyük çətinliklər yaradır ki, bunun da nəticəsində Müdafiə Nazirliyi rəhbərliyi ilə “Vaqner” başçısı Yevgeni Priqojin arasında xeyli müddətdir münaqişə mövcuddur.

Britaniya kəşfiyyatı hesab edir ki, hərbi müdaxilə başlayandan bu günə qədər “kəlləsi gedən” generalların əksəriyəti məhz logistika və silah-sursat təminatındakı problemlərin güdazına gediblər: “Rusiya yenə də birinci növbədə müdafiə sənayesinin səfərbər olunmasına diqqət yetirir. Lakin o, yenə də müharibə dövrünün tələblərinə uyğunlaşa bilmir. Rusiya siyasi liderləri döyüş meydanında qələbə tələb edərkən, rusiyalı logistika mütxəssisləri “çarpaz atəşin” altına düşürlər və generalların bir-bir azad edilməsi də bu problemlərin həll olunmamasının fonunda baş verir”.

Qeyd edək ki, müharibə başlayandan bəri Vladimir Putin Ukraynadakı qruplaşmanın ayrı-ayrı səviyyələrdə rəhbər vəzifələr tutan 17 komandanını dəyişib. Bunlardan üçü ümumilikdə qruplaşmaya rəhbərlik edən şəxslər olub. Bundan əlavə, 4 dəfə Qərb qruplaşmasının, 3 dəfə Şərq qruplaşmasının, 3 dəfə Hava-desant qoşunlarının, hərəsi iki dəfə olmaqla, Mərkəz və Cənub-şərq qruplaşmalarının rəhbərləri dəyişdirilib. Bundan başqa, Sakit okean, Qara dəniz və Baltik dənizi donanmalarının başçıları da vəzifələrindən azad ediliblər.

Formal olaraq bu dəyişikliklərin əksəriyyəti Müdafiə naziri Sergey Şoyqunun imzası ilə həyata keçirilsə də, reallıqda qərarın Putin tərəfindən verildiyi qətiyyən şübhə doğurmur. Bu isə şəxsən Rusiya başçısının ordunun vəziyyətindən və Ukraynadakı müharibənin gedişindən nə dərəcədə narazı olduğunun göstəricisidir.

Onu da əlavə edək ki, son zamanlar Rusiya Müdafiə Nazirliyinin özünün daxilində nüfuz və vəzifə uğrunda çəkişmələr xeyli çoxalıb. Məsələn, Mizintsevin istefaya göndərilməsindən sonra Şoyqunun digər müavini, general-polkovnik Yunusbek Evkurov da hədəfə alınıb. 

O da xüsusilə Xerson istiqamətində hərbi təminat məsələlərinin öhdəsndən gələ bilməməkdə günahlandırılır. Bəzi məlumatlara görə bu təzyiqlərin və Mizintsevin özünün vəzifəsindən uzaqlaşdırılmasının arxasında Hava-desant qoşunları komandanı, general-polkovnik Mixail Teplinski durur.

Həmin məlumatlarda deyilir ki, məhz onun Şimal donanmasında həyata keçirdiyi yoxlama nəticəsində aşkarladığı təminat məsələlərindəki ciddi çatışmazlıqlar səbəbindən Mizintsev vəzifəsini itirib.

“Vaqner” başçısı Yevgeni Priqojinə yaxın şəxs sayılan Teplinskinin ümumilikdə logistika və silah-sursat təminatı məsələsində mövcud olan problemlərdən istifadə edərək, rəqiblərini sıradan çıxardığı bildirilir. Onu da qeyd edək ki, artıq aprel ayının ortalarından etibarən M.Teplinski Rusiya ordusunun Ukraynanın cənubundakı qruplaşmasına rəhbərliyi ələ keçirib.

Lakin ümumilikdə Rusiya ordusunun ən yuxarı eşalonlarında həyata keçirilən kadr dəyişikliklərinin Kreml üçün hansısa ciddi müsbət nəticələr verəcəyinə inananlar azdır.

Bununla bağlı tanınmış israilli hərbi ekspert David Şarp maraqlı fikirlər səsləndirib: “Rusiya ordusundakı kadr dəyişiklikləri spesfik xüsusiyyət daşıyır. Ən başlıcası odur ki, bu dəyişikliklər sistem problemini həll etmir. Bu və ya digər komandirin şəxsiyyəti önəmlidir, amma bir orduda dərin sistem problemləri varsa, bu dəyişikliklərin heç bir əhəmiyyəti yoxdur”.

Комментарии (0)