Cəmil Hacıyev haqqında axtarışlar səngimir.
Bu barədə onun bacısı Sevil Kazım mətbuata açıqlamasında bildirib:
“Cəmil gənclər təşkilatının sədri olandan bəri evimiz daim izlənmədə olub. Biz bunu on iki ildən sonra təsadüf nəticəsində, kameraların Cəmilin yaşadığı mənzili 24 saat izləməsini aşkar etdik.
Barəsində açılmış cinayət işi ilə əlaqədar polis bizi daim nəzarətdə saxlayır. Cəmilin adına olan maşını həyətimizdə dayandığı yerdən aparıb cərimə meydançasına yerləşdirdilər. Bizə deyirlər ki, guya dövlət tədbiri var, ona görə bütün maşınları həyətlərdən aparırlar. Amma yalnız Cəmilin adına olan maşını evakuatorla aparıblar.
DİN-in qaynar xəttinə 3 gün zəng etdik, Binəqədi Rayon Polis İdarəsinə ərizə yazdıq, Binəqədi İcra Hakimiyyətinə gedib bu qanunsuzluqlardan şikayət etdik. Hər yerdə deyirlər ki, Cəmil istintaqdan yayındığı üçün onun adına olan əmlaka həbs qoyulub. Biz bildiririk ki, bəs bu barədə məhkəmə qərarı hanı? Heç bir məhkəmə qərarı olmadan əmlaka necə həbs qoyursunuz? Sualımıza cavab verən yoxdur. Etdiyimiz şikayətlərə baxan da yoxdur.
DİN-ə etdiyimiz müraciətlərin 3-cü günündə bildirdilər ki, guya maşın cərimə ilə əlaqədar cərimə meydançasına yerləşdirilib. Amma bu cərimələrin nə şəkli, nə videosu, nə də sistemdə qeydi var. Polis əməkdaşlarının bu cür qanunsuzluqları yalnız Cəmilin həbsi ilə bağlıdır.
DİN-dən aldığımız məlumata əsasən, maşının Dərnəgül cərimə meydançasına yerləşdirildiyini öyrənmişik.
Bundan əvvəl qardaşım İlham Hacıyevi Bahar bayramında aparıb 2 gün qanunsuz olaraq polis bölməsində saxladılar. Dedilər ki, Cəmil gəlsin, sonra qardaşını azad edək. Daha sonra İlham Hacıyevin və oğlu Şahin Hacızadənin idarə etdiyi maşınları əllərindən alıb, heç bir protokol və sənəd təqdim etmədən, günorta vaxtı zorla cərimə meydançasına yerləşdiriblər. Polis bölməsində isə onları vəhşicəsinə döyüblər və deyiblər ki, “Cəmil ortaya çıxmasa, cibinizdən narkotik çıxacaq”.
Bu hadisədən sonra qardaşım ailəsi ilə birlikdə gizlənməyə başlayıb. Bununla kifayətlənməyən polis keçmiş həyat yoldaşımı da tapıb, məni şantaj edirlər ki, uşağı əlimdən alsınlar. Artıq 5 ildən çoxdur ki, ayrılmışıq, amma keçmiş həyat yoldaşımın adından məhkəməyə müraciət edərək yalançı şahidlər tapıb, uşağa düzgün tərbiyə vermədiyimi, dərslərdə olmadığını, guya “diko barda” qalyan çəkən şəklini fotoshop proqramı ilə hazırlayıb məhkəməyə təqdim ediblər.
Hər səhər uşağı özüm məktəbə aparıram və günorta gətirirəm, bəzən də məktəbdəki ailə dostumuz olan və qonşuluqda yaşayan Hüseynovların maşını ilə evə gətirilməsini təmin edirəm.
Bütün bu təzyiqlər və təqiblər Cəmilin həbsi ilə bağlıdır və bu günə qədər onu ciddi cəhdlə axtarırlar."
Mövzunu diqqətdə saxlayacağıq.











