Şabran Rayon Xəstəxanasinda açıq bazar, sağlamlıq haqqında arayış 20 manata satılır.
Şabran Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi iddia olunan qanunsuzluqlar ictimaiyyətdə ciddi narahatlıq və haqlı suallar doğurur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, sözügedən tibb müəssisəsində uzun müddətdir sistemli şəkildə korrupsiya halları mövcuddur və xəstəxana faktiki olaraq “alver meydanına” çevrilib.
Mənbənin iddialarına görə, xəstəxananın direktoru Səxavət Cəbrayılov və baş həkim Kamalə Süleymanova məlumatlılığı və razılığı ilə müxtəlif tibbi arayışlar pul qarşılığında verilir. Belə ki, vətəndaşlar 20 manat ödəməklə, şöbə müdirlərinin vasitəçiliyi ilə istənilən tibbi arayışı qısa müddətdə əldə edə bilirlər.
Adının açıqlanmasını istəməyən bir vətəndaş redaksiyamıza verdiyi açıqlamada bildirib ki, övladı anadangəlmə əlil olmasına baxmayaraq, 20 manat müqabilində tam sağlamlıq haqqında arayış əldə edərək bunu təhsil müəssisəsinə təqdim etməyə nail olub. Bu fakt təsdiqlənərsə, söhbət təkcə korrupsiyadan deyil, eyni zamanda cəmiyyət üçün təhlükəli nəticələr doğura biləcək ciddi cinayət əməllərindən gedir.
Məsələ ilə bağlı Şabran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsi və TƏBİB-in ictimaiyyətlə əlaqələr strukturu ilə əlaqə saxlanılsa da, qurumlar məsələyə münasibət bildirməkdən imtina ediblər. Rəsmi açıqlamanın verilməməsi isə ictimai narahatlığı daha da artırır və şübhələri gücləndirir.
Qeyd edək ki, məsələ ilə əlaqədar həm TƏBİB-ə, həm də Şabran Rayon Mərkəzi Xəstəxanasına rəsmi sorğu göndərilib. Redaksiyamız mövzunu diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
Cəmil Hacıyev







