Sabirabada dövlət qrumları vətəndaşın müraciətinə niyə layqeddir?
Аzərbaycan Respublikasının vətəndaşı Fərman Ramiz oğlu Kərimov dövlət qurumlarına müraciət edərək dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı məlumat tələb etmişdir. Vətəndaşın müraciəti qanunla müəyyən edilmiş müddətdə tam və aydın şəkildə cavablandırılmamışdır.
Məsələ ilə bağlı əvvəlcə aidiyyəti dövlət qurumundan və daha sonra Kənd Təsərrüfatı Nazirliyindən cavab təqdim edilmişdir. Lakin vətəndaş bildirir ki, təqdim olunan cavablar onun müraciətində qaldırdığı sualları əhatə etməmiş, informasiya əldə etmək hüququnun təmin olunması baxımından yetərli olmamışdır.
Bundan sonra idarənin məsul əməkdaşlarından biri vətəndaşla əlaqə saxlamış və ona əlavə olaraq səkkiz səhifəlik PDF sənədi göndərmişdir. Qeyd olunur ki, bundan əvvəl isə vətəndaşa yetmiş səhifəlik başqa bir PDF sənədi təqdim edilmişdi. Buna baxmayaraq, müraciətdə qaldırılan məsələlərin mahiyyəti üzrə aydın və dolğun cavabın verilmədiyi iddia olunur. Məsələnin müəmmalı tərəfi budur ki, Fərman Ramiz oğlu Kərimovun müraciəti e-mail və ya poçt vasitəsi ilə deyil whatsapp üzərindən cavablandırılıb ki, bunada vətəndaş etiraz etmişdir.
Vətəndaş hesab edir ki, dövlət qurumları onun müraciətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırmayaraq informasiya əldə etmək hüququnu məhdudlaşdırmış və hüquqlarının pozulmasına yol vermişdir.
Məsələ ictimai maraq doğurduğundan diqqətdə saxlanılacaq. Eyni zamanda, regionlarda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin vətəndaş müraciətlərinə münasibəti, eləcə də informasiya açıqlığı sahəsindəki vəziyyət araşdırılmağa davam edəcəyik.
İctimaixeber.org qarşı tərəfin də mövqeyini öyrənmək və dərc etməkdə maraqlıdır. Aidiyyəti qurumların mövqeyi təqdim olunduğu təqdirdə materialda yer veriləcəkdir.
Cəmil Hacıyev.









